BAKI, 26 noyabr. TELEQRAF

“Cənubi Qafqazda uzun müddət “bütün yollar Gürcüstandan keçir” prinsipi ilə yaşanılıb. Bu, xüsusilə Gürcüstan üçün əlverişli prinsip idi. Amma coğrafiya inadkar, siyasət isə dəyişkəndir. Son bir neçə gündə yayılan xəbərlər o qədər çoxdur ki, artıq regionun yeni xəritəsindən danışmaq olar”.

Teleqraf xəbər verir ki, bu sözləri gürcü politoloq Gela Vasadze deyib.

Ekspert xatırladıb ki, Gürcüstan xarici işlər naziri Maka Boçorişvili bu günlərdə Bakıya səfər edib:

“Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi doqquz ay ərzində 900 milyon dollara çatıb, 18 saziş üzərində iş aparılır. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov isə fəaliyyətsiz vəziyyətdə olan Bakı-Supsa neft kəmərinin yenidən işə düşə biləcəyini bildirib.

Eyni günlərdə İrəvanda Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan 2027-ci ildə TRIPP layihəsi çərçivəsində dəmir yolunun tikintisinə başlanacağını açıqlayıb. Azərbaycan Prezidenti İlham Əliyev isə son bir ildə Azərbaycan ərazisindən Ermənistana 100 min tondan çox yük daşındığını xatırladıb. Yaxın vaxtlara qədər bu, fantastika kimi görünərdi.

Bəs Gürcüstan baş verənlər fonunda tranzit dəhlizi kimi öz rolunu itirirmi?

Bəli, monopoliyasını itirir və məncə, bunu dürüst şəkildə etiraf etmək lazımdır. Ermənistanla Azərbaycan arasında birbaşa yol açıldıqda, ardınca Türkiyə istiqaməti də işə düşdükdə yüklərin bir hissəsi Gürcüstandan yan keçəcək.

İştirakçıların maraqları aydındır. Ermənistan artıq bütün yumurtalarını bir səbətə qoymağa məcbur olmayacaq. Azərbaycanın Naxçıvan Muxtar Respublikasına və Türkiyəyə daha qısa yol lazımdır. Ankaraya Xəzər dənizinə və Mərkəzi Asiyaya çıxış imkanı gərəkdir. Vaşinqtona isə prezidentin (Donald Trampın) adını daşıyan layihə lazımdır. Amma tranzit sıfır məbləğli oyun deyil. Region müharibə və bağlı sərhədlər səbəbindən qapalı olduğu müddətdə Gürcüstan yeganə qapı idi. Amma bu, kifayət qədər boş bir evə açılan qapı idi”.

Gela Vasadze hesab edir ki, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması Cənubi Qafqaz üzərindən daha çox yük daşınması deməkdir:

“Xəzər dənizindən, Mərkəzi Asiyadan və Çindən daha böyük yük axını yarana bilər. Qara dəniz limanları isə yalnız Gürcüstandadır. Mehridən keçən heç bir dəmir yolu İrəvanı dəniz limanına çevirə bilməz.

Bakının Gürcüstan istiqamətini bağlamaqdan deyil, Bakı-Supsa neft kəmərinin yenidən fəaliyyətə başlamasından danışması da müəyyən mesajdır.

Əsl sual başqadır: Gürcüstan rəqabətə hazırdırmı?

Qonşu ölkələrdə alternativ marşrut yarandıqda yüklər daha sürətli, daha ucuz və daha etibarlı istiqamətə yönələcək. Bu, bəlkə də, adi səslənir, amma logistika sahəsində bəzən ən sadə həqiqətlər şüarlardan daha təsirli olur.

Beləliklə, TRIPP Gürcüstan üçün təhlükədən daha çox fürsətdir. Bu, Gürcüstanın onsuz da heç kimin ondan yan keçə bilməyəcəyi düşüncəsi ilə yaşamağı dayandırması və real işə başlaması üçün fürsətdir. Bu fürsətdən istifadə edib-etməyəcəyimizi isə zaman göstərəcək”.