BAKI, 26 noyabr. TELEQRAF

“Məğlubiyyət gözlənilən idi, amma epizodlarımız da oldu”.

Teleqraf xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turunda “Barselona”ya 1:4 hesabı ilə məğlub olan “Sabah”ın futbolçusu Rəhman Daşdəmirov deyib.

O, matçdan sonra jurnalistlərə açıqlamasında qarşılaşmanı dəyərləndirib, azarkeşlərə təşəkkür edib.

Futbolçu ilk hissədə yaxşı oynadıqlarını, ikinci hissənin əvvəlində buraxılan qolun isə komandanın planlarına təsir etdiyini bildirib:

“Stadiona gələn azarkeşlərə təşəkkür etmək istəyirəm. Möhtəşəm atmosfer var idi. Düzdür, qarşımızdakı rəqib bəlli idi. İlk hissədə yaxşı çıxış etdik. İkinci hissənin başlanğıcında adi səhvdən qol buraxdıq. Bunu gözləmirdik. Rəqibin xırda səhvlərdən necə istifadə etdiyini bilirik. Onlar bu imkanlardan maksimum yararlana bilirlər. Belə olmasını istəməzdik”.

Daşdəmirov xüsusilə ilk hissədəki oyunlarından razı qaldığını vurğulayıb:

“Fikrimcə, yaxşı çıxış etdik. İlk hissə, əsasən, ən yaxşı oyunumuz oldu. Yenə deyirəm, qarşımızdakı rəqib “Barselona”dır. Onlar xırda səhvlərdən maksimum istifadə edə bilirlər”.

O, qarşılaşmanın özü üçün yaddaqalan təcrübə olduğunu söyləyib:

“Şəxsən özümdə həyəcan yox idi. Yaddaqalan oyun oldu. İnşallah, qarşıdakı oyunlara hazırlaşıb maksimum nəticə qazanmağa çalışacağıq”.

Qeyd edək ki, “Sabah” – “Barselona” matçı İspaniya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.