BAKI, 26 noyabr. TELEQRAF

“Şübhəsiz ki, çətin oyun idi, amma “Barselona”nı Bakıda qəbul etmək bizim üçün böyük şərəfdir”.

Teleqraf xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turunda “Barselona”ya 1:4 hesabı ilə məğlub olan “Sabah”ın futbolçusu Coy-Lens Mikels jurnalistlərə açıqlamasında deyib.

Hücumçu iki fərqli hissə oynadıqlarını, fasilədən sonra erkən qollar buraxdıqlarını bildirib:

“Birinci hissədə topa çox sahib olmasaq da, üç real qol imkanımız oldu. Bəxtimiz bir az gətirsəydi, iki qol vura bilərdik. Hər halda, “Barselona” kimi komandaya qarşı ilk hissəni 0:1 hesabı ilə başa vurmaq pis nəticə deyildi. Bəlkə nəsə edə bilərik, amma ikinci hissədə çox erkən iki qol buraxdıq. “Barselona”ya qarşı belə hesabdan sonra oyunu çevirmək çox çətindir. Bundan sonra hücum etmək üçün bir qədər açıldıq. “Barselona” isə elə güclü komandadır ki, boşluqları dərhal görür və istifadə edir. Nəticədə dörd qol vurdular”.

Komandasının yeganə qoluna imza atan futbolçu həmin anla bağlı fikirlərini də bölüşüb:

“Barselona”ya qol vurduğum üçün sevinirəm, bu, mənim üçün xüsusi hissdir. İkinci qolu da vura bilərdim, amma alınmadı. Ümumilikdə “Barsa”nı Bakıda qəbul etmək xoş idi, amma onlardan xal almaq üçün təkcə bunu arzulamaq kifayət etmir”.

O, Çempionlar Liqasının növbəti turunda səfərdə İspaniyanın “Vilyarreal” klubuna qarşı keçirəcəkləri matçdan gözləntilərini də açıqlayıb:

“Biz futbolçuyuq, hər oyuna qələbə qazanmaq üçün çıxırıq. . Belə böyük komandalara qarşı nəticə qazanmaq üçün daha da artırmalı, ən yaxşı oyunumuzu göstərməliyik. Ümid edirik ki, “Vilyarreal”la səfər matçında yaxşı çıxış edib xal qazanacağıq”.

Qeyd edək ki, “Sabah” – “Barselona” matçı İspaniya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.