BAKI, 26 noyabr. TELEQRAF
Bu gün Azərbaycan kinematoqrafiyası və teatr sənəti üçün çox böyük itki baş verib. Hamımızın sevdiyi, gözəl aktrisamız vəfat edib.
Teleqraf xəbər verir ki, bunu Xalq artisti Elmira Şabanova ilə vida mərasimində əməkdar incəsənət xadimi Cəmil Quliyev deyib.
"Elmira xanımın həyat yolu zəhmət və iradə üzərində qurulub. O, heç kimin qarşısında baş əyməyən, öz sənətinə və prinsiplərinə sadiq bir insan idi. Teatr sənətinin incəliklərini tələbələrinə dərindən və böyük həvəslə öyrədirdi. O, təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da tanınırdı.
Elmira xanıma kino sahəsindən çoxsaylı təkliflər gəlsə də, o, pedaqoji fəaliyyəti seçdi və öz bilik və təcrübəsini gənc nəslə ötürməyə üstünlük verdi. Bu gün onun yetişdirdiyi çoxsaylı tələbələr sənət yolunu davam etdirirlər", - deyə C.Quliyev əlavə edib.