BAKI, 26 noyabr. TELEQRAF
Çində Azərbaycanın yaşıl enerji dəhlizlərin yaradılmasında Çin şirkətləri ilə əməkdaşlıq imkanları təqdim edilib.
Teleqraf xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun Çindao şəhərində keçirilən “Kəmər və Yol” təşəbbüsü üzrə energetika nazirlərinin IV konfransında çıxışında qeyd edilib.
Nazir çıxışında bildirib ki, bağlantıların strateji resursa çevrildiyi dövrdə Azərbaycanın “Kəmər və Yol” təşəbbüsünə yeni töhfəsi Avrasiyanın elektrik enerjisi bazarlarını yaşıl enerji dəhlizləri vasitəsilə birləşdirməkdir.
Nazir Azərbaycanın “Kəmər və Yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olduğunu qeyd edib. Təşəbbüs çərçivəsində ölkə daxilində və xaricdə yatırılan sərmayənin həcminə görə Azərbaycanın Çindən sonra ikinci yerdə olduğu diqqətə çatdırılıb. Orta Dəhlizin Çinlə Avropa arasında nəqliyyat əlaqələrini gücləndirdiyi, Zəngəzur dəhlizinin isə Şərqlə Qərb arasında yeni marşrut açacağı qeyd olunub.
Qeyd olunub ki, Mərkəzi Asiya, Xəzər, Cənubi Qafqaz, Türkiyə və Avropanı əhatə edən dəhlizlər müasir İpək Yolu boyunca yaşıl enerji qurşağı formalaşdırmaqla Çinlə çoxşaxəli enerji tərəfdaşlığına da yol açır.
Çıxışda Birgə Nazirlər Bəyanatının enerji təhlükəsizliyi və enerji keçidinin paralel irəlilədilməsi, transsərhəd infrastruktura investisiyaların artırılması və təmiz enerji texnologiyalarına çıxışın genişləndirilməsi üzrə məqsədlərinə də toxunulub.