BAKI, 28 oktyabr. TELEQRAF

Bu gün Azərbaycan “İƏT üzv dövlətlərinin korrupsiyaya qarşı mübarizə üzrə hüquq mühafizə əməkdaşlığı haqqında Məkkə Əl-Mükərrəmə Konvensiyası”na qoşulub.

Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, bu, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində korrupsiyaya qarşı mübarizəni özündə əks etdirən konvensiyadır.

"Konvensiya 2012-ci ildə Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində qəbul edilib. Həmin konvensiyanın hazırlanmasında və qəbul edilməsində Azərbaycan Respublikası da fəal iştirak edib. Biz əvvəlki hər iki konfransda iştirak etmişdik. Dünən və bu gün artıq Bakı şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin antikorrupsiya qurumlarının üçüncü yüksək səviyyəli Zirvə görüşü keçirildi. Bu iclas çərçivəsində, bildiyiniz kimi, Azərbaycan Respublikası da digər ölkələrlə birlikdə bu konvensiyaya qoşuldu, artıq konvensiyanı imzaladı. Ümid edirik ki, yaxın vaxtlarda bu konvensiya ratifikasiya olunacaq və sonradan artıq bu konvensiyanın müddəalarının Azərbaycan qanunvericiliyinə implementasiyası həyata keçiriləcəkdir.

Azərbaycanın bu konvensiyaya məhz indi qoşulması çox mühüm əhəmiyyət kəsb edir, çünki növbəti ildən Azərbaycan bu təşkilata sədrlik edəcəkdir. Bu dövr ərzində də ümid edirəm ki, bütün sahələr üzrə, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan özünə doğma olan İslam Əməkdaşlıq Təşkilatına üzv bütün dövlətlərlə səmərəli əməkdaşlığını həyata keçirəcəkdir.

Bu, bir daha ölkə başçısı, möhtərəm cənab Prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizə sahəsində siyasi iradəsini ortaya qoyur. Biz bütün konvensiyalara qoşulmuşuq, həm BMT-nin, həm də bu sahədə digər regional və beynəlxalq konvensiyalara qoşulmuşuq. Məkkə Konvensiyası da bu sahədə yeni platformadır. Hesab edirəm ki, bu sahədə fəaliyyətimiz uğurlu olacaqdır”.