BAKI, 2 oktyabr. TELEQRAF
“Böyük Britaniyanın Abxaziya və Cənubi Osetiya ilə əlaqədar sanksiyaları Gürcüstana dəstək məqsədilə yox, Rusiyaya görə tətbiq edilib”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
“Böyük Britaniyanın sanksiya tətbiq etməsi onların işidir, qərarı da onlar verməlidir, meyarları da onlara məxsusdur. Bizə görə bu, əlaqəsiz qərardır. Bu, nə ərazi bütövlüyümüzün bərpasına hansısa fayda verir, nə də bundan nəyisə əskildir. Bu, Böyük Britaniyanın siyasətinin bir hissəsidir. Bəs bundan sonra Böyük Britaniya nə edəcək? MI-6nın dəstəsi Sxinvaliyə (Cənubi Osetiya) gedib kimisə tutacaq, yoxsa nə edəcək? Bu, Böyük Britaniyanın Rusiya ilə bağlı siyasətidir, bizim bununla heç bir əlaqəmiz yoxdur. Biz burada sadəcə təsadüfən iştirak edirik. Burada Gürcüstan, Ermənistan və ya Litvanın olması həlledici əhəmiyyət daşımır. Bu, iki ölkə arasındakı münasibətlərdir. Bu məsələ ilə bağlı bizimlə heç məsləhətləşməyən ölkəyə necə təşəkkür etmək olar? Əgər bizim maraqlarımız naminə hərəkət edirlərsə, bizimlə məsləhətləşməlidirlər, elə deyilmi? Ona görə də, bu, Böyük Britaniya ilə Rusiya arasındakı hesablaşmanın bir hissəsidir.
Sanksiya tətbiq edilən insanlar Rusiyadadır, Rusiyanı öz dövlətləri kimi qəbul edirlər. Böyük Britaniya üçün bizim marağımızın heç bir əhəmiyyəti yoxdur”, - Papuaşvili bildirib.
Böyük Britaniya Rusiya və onunla əlaqəli 31 fiziki şəxsə qarşı sanksiya tətbiq edib. Onların arasında Gürcüstanın işğal olunmuş Abxaziya və Cənubi Osetiya regionları ilə əlaqəli olan üç nəfər - Marat Kambolov, Alan Qaqloyev və Sergey Tolmaçov da var.