BAKI, 25 noyabr. TELEQRAF

Türkiyə Milli Müdafiə Universiteti rektorunun müavini Talat Canbolatın rəhbərlik etdiyi nümayəndə heyəti tədris gəzintisi proqramı çərçivəsində ölkəmizdə səfərdədir.

Bu barədə Teleqraf-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə qonaqlar Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edib, gül dəstələri qoyub, xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.

Proqram çərçivəsində nümayəndə heyəti Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülovla görüşüb. Görüşdə hərbi təhsil sahəsində əməkdaşlıq əlaqələri və qarşılıqlı təcrübə mübadiləsi məsələləri müzakirə olunub. Sonda tərəflər qarşılıqlı hədiyyələr təqdim ediblər.

Səfər çərçivəsində nümayəndə heyəti MMU-nun tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, Qənimətlər Parkında və Heydər Əliyev Mərkəzində olub.