BAKI, 9 sentyabr. TELEQRAF

Ermənistan Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryan Avropa ölkələrdən birinə səfir göndərilə bilər.

Teleqraf xəbər verir ki, bu barədə “Joqovurd” məlumat yayıb.

Armen Qriqoryan Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edildikdən sonra Baş nazir Nikol Paşinyan ona müşaviri kimi qalmağı təklif etsə də, birinci bundan imtina edib. Təhlükəsizlik Şurasının keçmiş katibi hökumət başçısının Rusiyaya səfir vəzifəsi təklifini də geri çevirib.

Nəşrin mənbələrinə görə, Nikol Paşinyan Armen Qriqoryanın Avropa ölkələrdən birinə səfir göndərilməsi variantını müzakirə edir. Bildirilib ki, bu təklif əvvəlkilərdən fərqli olaraq, Armen Qriqoryanın xoşuna gəlib.

Hansı ölkədən söhbət getdiyi məlum olmasa da, nəşr yazıb ki, bu, Ermənistan üçün xüsusi əhəmiyyət kəsb edən Avropa dövlətidir.