BAKI, 19 sentyabr. TELEQRAF
Haaqanın mərkəzindəki Malieveld meydanında ifrat sağçı qrupların nümayişi zamanı kütləvi iğtişaş baş verib.
Teleqraf xəbər verir ki, etirazçılar fişəng yandırıb və polislə toqquşublar.
Günorta saatlarında qara geyimli gənclər üzlərinə maska taxaraq Niderland bayrağı ilə polisin üzərinə hücum ediblər. Etirazçılar polisə şüşə butulkalar, taxta parçaları və fişənglər atıblar. Hadisə yerinə əlavə polis qüvvələri, o cümlədən atlı dəstələr və itlər gətirilib.
Etirazçılar sığınacaq mərkəzlərinin tikintisinə qarşı şüarlar səsləndirib və ölkədən bütün miqrantların deportasiya edilməsini tələb ediblər. Nümayişçilər "Ağların Həyatı Vacibdir" yazılı plakatlar qaldırıb, çoxsaylı millətçi şüarlar səsləndiriblər.
Mitinqdə "Qara Blok" adı altında birləşən bir neçə millətçi qrupun siyasi tələblərini əks etdirən vərəqələr də paylanıb.
Hadisə zamanı azı dörd polis yaralanıb, onlarla insan saxlanılıb.