BAKI, 4 iyul. TELEQRAF

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti miqrasiya axınına gücləndirilmiş nəzarət çərçivəsində ölkə üzrə xüsusi əməliyyatlar keçiriblər.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.

Kompleks yoxlamalar nəticəsində ölkə ərazisində “qanuni əsas olmadan yaşayan” 50 əcnəbi saxlanılıb. Onların arasında Hindistan, Vyetnam, Türkmənistan, Rusiya, Qırğızıstan, Sudan, Pakistan, Özbəkistan, Azərbaycan, Tacikistan, İordaniya, Nigeriya, Banqladeş, Uqanda və Keniya vətəndaşları var.

Yoxlamalar “miqrasiya qanunvericiliyini pozan əcnəbilərin aşkarlanması məqsədilə” müxtəlif obyektlərdə və onların ola biləcəyi ünvanlarda aparılıb.

Qurumun iddiasına görə, saxlanılan şəxslər Gürcüstanın “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanunun tələblərini pozaraq ölkədə olublar.

Miqrantlar Miqrasiya Departamentinin müvəqqəti saxlama mərkəzində yerləşdirilib və onların ölkədən deportasiya edilməsi proseduruna başlanılıb.