BAKI, 3 iyun. TELEQRAF

Ermənistan və Türkiyədən olan işadamları iki ölkənin hökumətlərinin dəstəyi ilə normallaşma prosesi çərçivəsində Qars şəhərində müzakirə aparıblar.

Teleqraf xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.

Bildirilib ki, iki ölkənin işgüzar dairələri Ermənistan və Türkiyə arasında ikitərəfli ticarətin başlanması üçün yaradılan əlverişli mühiti alqışlayıblar. Görüşdə iki ölkənin qida, içki, su, şirələr, meyvə, tütün, tikinti, turizm, gül istehsalı və digər sahələri təmsil edən işadamları Ermənistan və Türkiyə arasında ticarət sektorunda əhəmiyyətli əməkdaşlıq potensialını vurğulayıb və gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Görüş iştirakçıları Ermənistan və Türkiyə arasında birbaşa ticarətin başlanması üçün Türkiyədə zəruri olan inzibati prosedurların tamamlanmasını alqışlayıblar. Bu prosedur iki ölkə arasında üçüncü ölkə və əksinə yükdaşımalarında təyinat yeri və ya mənşə ölkəsi kimi “Ermənistan və Türkiyə”nin göstərilməsinə imkan verəcək. Bundan əlavə, onlar Ermənistan mallarının Axalkalaki (Gürcüstan)-Qars (Türkiyə) dəmir yoluna çıxışının təmin edilməsinin vacibliyini qeyd ediblər.