BAKI, 31 oktyabr. TELEQRAF
Polşa Prezidenti Karol Navrotski Konstitusiya Məhkəməsi ətrafında yaranmış siyasi böhranla əlaqədar Varşavaya qayıdaraq ölkənin yüksək vəzifəli məhkəmə rəsmiləri ilə təcili görüşə başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Polşanın “Onet” portalı məlumat yayıb.
Məlumata görə, dövlət başçısı Prezident Sarayına çatan kimi Ali Məhkəmənin birinci sədri Zbiqnev Kapinski və Konstitusiya Məhkəməsinin vəzifəsindən müvəqqəti kənarlaşdırılmış sədr əvəzi Boqdan Sventçkovski ilə görüşüb.
Navrotski Seneqala səfəri zamanı təyyarəsinin geri qaytarılması barədə qərar verib. Buna səbəb ədliyyə naziri Valdemar Jurekin Sventçkovskinin toxunulmazlığının ləğvi ilə bağlı müraciəti olub.
Qeyd edək ki, son həftələr Polşada Konstitusiya Məhkəməsi ətrafında siyasi qarşıdurma kəskinləşib. Baş nazir Donald Tuskun keçmiş hökumət üzvü Marçin Bereki Konstitusiya Məhkəsinə hakim təyin etmək qərarı müxalifətin etirazlarına səbəb olub.
Oktyabrın 30-da ədliyyə naziri Valdemar Jurek Boqdan Sventçkovskinin vəzifədən kənarlaşdırılması və toxunulmazlığının ləğvi üçün müraciət edib. Bundan sonra Sventçkovski bir ay müddətinə vəzifəsindən uzaqlaşdırılıb.
Gərginlik fonunda Konstitusiya Məhkəməsinin binası qarşısında etiraz aksiyaları keçirilib. Nümayişçilər məhkəmənin ətrafındakı təhlükəsizlik sədlərini aşmağa cəhd göstəriblər.
Hadisə yerinə əlavə polis qüvvələri cəlb olunub.