BAKI, 31 oktyabr. TELEQRAF
İsrail ordusu Qəzza zolağında həyata keçirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın hərbi qanadının iki komandirinin öldürüldüyünü açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Nuseyrat qaçqın düşərgəsi yaxınlığında həyata keçirilən hədəfli hücum nəticəsində HƏMAS-ın hərbi bölmələrindən birinə rəhbərlik edən Cəmil Əbu Təqiyə öldürülüb.
İsrail ordusunun iddiasına görə, Əbu Təqiyə 2023-cü il oktyabrın 7-də İsrailə hücum zamanı girov götürülən şəxslərin Qəzzada saxlanılmasında iştirak edib.
Onların arasında Rusiya vətəndaşları Andrey Kozlov və Aleksandr Lobanov, həmçinin Donbas əsilli Maksim Xarkin də olub.
Kozlov 2024-cü ilin iyununda İsrail ordusunun xüsusi əməliyyatı nəticəsində azad edilib. Lobanov həmin ilin avqustunda əsirlikdə həyatını itirib. Xarkin isə 2025-ci ilin oktyabrında Qəzzada əldə olunan atəşkəs razılaşması çərçivəsində sərbəst buraxılıb və daha sonra Rusiya vətəndaşlığı alıb.
İsrail ordusunun məlumatına əsasən, eyni zərbə nəticəsində HƏMAS-ın hərbi qanadının digər bölməsinə rəhbərlik edən İbrahim Cihad Məhəmməd Əbu Uşeybə də öldürülüb.
HƏMAS tərəfindən komandirlərin ölümü ilə bağlı hələlik təsdiq verilməyib.