BAKI, 31 oktyabr. TELEQRAF
Polşa Prezidenti Karol Navrotski Konstitusiya Məhkəməsi ətrafında yaranmış siyasi böhran səbəbindən Seneqala səfərini yarımçıq dayandıraraq Varşavaya qayıdıb.
Teleqraf xəbər verir ki, bu barədə Polşanın “TVP Info” telekanalı məlumat yayıb.
Məlumata görə, dövlət başçısı Seneqala uçarkən təyyarənin geri qaytarılması barədə qərar verib. Prezident təyyarəsi artıq Varşava hava limanına eniş edib.
Polşa Prezidentinin Administrasiyasından bildirilib ki, Navrotski paytaxta qayıtdıqdan sonra Ali Məhkəmənin birinci sədri Zbiqnev Kapinski ilə görüşəcək.
Qeyd edək ki, son həftələr Polşada Konstitusiya Məhkəməsi ətrafında siyasi gərginlik artıb. Baş nazir Donald Tuskun hökumətinin keçmiş naziri Marçin Bereki Konstitusiya Məhkəməsinə hakim təyin etmək qərarı müxalifətin etirazlarına səbəb olub.
Oktyabrın 30-da Polşanın ədliyyə naziri Valdemar Jurek Konstitusiya Məhkəməsinin sədr əvəzi Boqdan Sventçkovskinin vəzifədən kənarlaşdırılması və toxunulmazlığının ləğvi üçün rəsmi müraciət edib.
Yaranmış gərginlik fonunda Konstitusiya Məhkəməsinin binası ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib və əraziyə əlavə polis qüvvələri cəlb olunub.