BAKI, 1 iyun. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı Enerji Həftəsinin açılışına mesaj göndərib.
Teleqraf xəbər verir ki, mesajı Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar oxuyub.
Ərdoğan bildirib ki, bölgədə baş verən hadisələr Azərbaycanla enerji sahəsində atdıqları addımların nə qədər düzgün olduğunu bir daha göstərir. O qeyd edib ki, region üçün vaxtilə xəyal hesab edilən bir çox meqalayihəni Azərbaycanla birlikdə uğurla həyata keçirməyə davam edirlər.
Ərdoğan Azərbaycanla başladılan və Gürcüstanın da töhfələri ilə tamamlanan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP layihələrinə toxunaraq, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” tərəfdaşlığı sayəsində Azərbaycanla əməkdaşlığın daha da dərinləşdiyini vurğulayıb.
Türkiyə ilə Azərbaycanın “Şafak-Asiman”dakı yeni tərəfdaşlığının bu əməkdaşlığın dayanmadan, sürətlə davam etdiyinin yeni sübutu olduğunu bildirən prezident sözlərinə belə davam edib:
“Ötən il istifadəyə verilən İğdır-Naxçıvan qaz kəməri Naxçıvan bölgəsinin enerji təhlükəsizliyini dəstəkləyir və möhkəmləndirir. Türkiyə ilə Azərbaycan arasında elektrik sahəsində əlaqələr bizim üçün strateji əhəmiyyət daşımağa davam edir. İnşallah, Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında “Yaşıl Elektrik Enerjisinin Ötürülməsi və Ticarəti” layihəsinin həyata keçirilməsi ilə bütün bölgəmizin enerji təhlükəsizliyinə də töhfə verməyi arzulayırıq”.
Dövlət başçısı qeyd edib ki, eyni şəkildə, ötən ilin avqust ayında Türkiyə-Azərbaycan birgə təşəbbüsü nəticəsində Suriyaya başlayan qaz təchizatının bu ölkənin inkişafına və regional təhlükəsizliyə töhfələri danılmazdır: “Türkmənistan qazının Azərbaycan və Türkiyə üzərindən ixracı məsələsində əməkdaşlığımızı inkişaf etdirmək üçün qarşımızda böyük imkanlar mövcuddur. Qazaxıstanın təbii ehtiyatlarının Qərb bazarlarına çatdırılmasında Bakı-Tbilisi-Ceyhan xəttindən istifadənin getdikcə artdığının şahidi oluruq”.
Ərdoğan vurğulayıb ki, Türkiyə bərpaolunan və yaşıl enerji də daxil olmaqla, enerjinin bütün sahələrində səmərəliliyi və ətraf mühitin qorunmasını əsas götürən, təsirliliyi artırmağa yönəlmiş baxışa malikdir:
“Qlobal iqlim fəaliyyətində öncül və nümunəvi ölkələrdən biri olmaq əzmimizi bu il 9-20 noyabr tarixlərində Antalyada ev sahibliyi edəcəyimiz COP31 Zirvəsi ilə daha da möhkəmləndirəcəyik. Bu düşüncələrlə Bakı Enerji Həftəsinin ölkələrimiz və bölgəmiz üçün xeyirli olmasını arzulayıram”.