BAKI, 14 may. TELEQRAF

Ermənistan parlamentinin sədri Alen Simonyan və hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının bir qrup deputatı seçki rüşvətinin verilməsi və alınmasına görə əvvəllər müəyyən edilmiş cəzanı dəyişdirəcək yeni qanunvericilik təşəbbüsü irəli sürüb.

Teleqraf xəbər verir ki, bu barədə parlament sədri sosial mediada məlumat verib.

“Seçki rüşvətinə görə 8 ilə qədər həbs cəzası 10 ilə qədər həbs cəzası ilə əvəz olunacaq. Rüşvət almağa görə isə 7 ilə qədər deyil, 9 ilə qədər cəza tətbiq olunacaq. İndi gedin düşünün: 100-200 min dramlıq televizor, şalvar, kababa görə bu işlərə girməyə və həyatınızın böyük hissəsini həbsxanada keçirməyə və dövlətçiliyimizi təhlükə altına qoymağa dəyərmi?”, - Simonyan qeyd edib.

Xatırladaq ki, rusiyalı oliqarx Samvel Karapetyanın sədri olduğu “Güclü Ermənistan” partiyası və digər bəzi müxalif partiyaların xeyli sayda nümayəndəsi barəsində seçki rüşvəti ittihamı ilə cinayət işi açılaraq saxlanılıb.

Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.