BAKI, 14 may. TELEQRAF
Rusiya Ermənistanı vətəndaşlarının həbs olunma riski yüksək olan ölkələr siyahısına daxil edib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnsan Hüquqları üzrə Çoxtərəfli Əməkdaşlıq Departamentinin direktoru Qriqori Lukyantsev bildirib.
Diplomat yerli mediaya deyib ki, Rusiya vətəndaşları xaricə səyahət edərkən üçüncü ölkələrdə həbs olunmaq və ABŞ-yə ekstradisiya olunmaq riskini unutmamalıdırlar:
“Təkcə Avropa İttifaqında deyil, həm də daha geniş kontekstdə bir çox dövlətlərin ekstradisiya və saxlanılma ilə bağlı müəyyən öhdəlikləri var. Bütün bunlar insanların xaricə səyahət edərkən üzləşə biləcəyi riskləri qiymətləndirərkən nəzərə alınmalıdır”.
Rusiya Xarici İşlər Nazirliyinin dərc etdiyi məlumata görə, ABŞ-nin tələbi ilə Rusiya vətəndaşlarının həbs olunma riski yüksək olan ölkələrə Avropa və Latın Amerikasının əksər dövlətləri, eləcə də Avstraliya, Kanada, Ermənistan, İsrail, Maldiv Adaları, Cənubi Koreya, Sinqapur, Tailand, Fici, Şri-Lanka, Liberiya və Mərakeş daxildir. Həmçinin XİN əlavə edib ki, bu siyahıya ABŞ ilə ekstradisiya müqavilələri olan bütün ölkələr daxil deyil.