BAKI, 9 may. TELEQRAF

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avropa Siyasi Birliyinin sammiti çərçivəsində İrəvanın Ukrayna Prezidenti Volodimir Zelenskiyə platforma təqdim etməklə bağlı Moskvanın tənqidlərinə münasibət bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında danışıb.

Qriqoryan vurğulayıb ki, Ermənistan sadəcə tədbirin müəyyən edilmiş beynəlxalq formatına əməl edib: “Ermənistanda beynəlxalq səviyyəli konfrans təşkil olunmasında və bütün proseslərin həmin konfransın formatına uyğun keçirilməsində heç bir problem görmürəm”.

Zelenskinin İrəvanda Moskvadakı parad zamanı Ukrayna dronlarının Rusiya paytaxtına uça biləcəyi ilə bağlı açıqlaması barədə Armen Qriqoryan qeyd edib:

“Bu açıqlamalarla tanış deyiləm, amma nəzərə almaq lazımdır ki, kimin hansı açıqlamaları verəcəyini əvvəlcədən müəyyən edə bilmərik. Düşünürəm ki, vacib olan Ermənistanın hansı açıqlamalar verməsi və hansı mövqeləri ifadə etməsidir”.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Prezidentinin sözügedən çıxışı ilə əlaqədar Ermənistanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılmışdı.