BAKI, 11 aprel. TELEQRAF

“Rusiya Ermənistan və Azərbaycana qarşı qəzəblidir, çünki sülh prosesindən kənarda qalıb”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın “Respublika Naminə” partiyasının sədr müavini Ruben Mehrabyan deyib.

“Təkcə bu məsələdə deyil, bir çox digər istiqamətlərdə də eyni vəziyyətdir, indi oyunu pozaraq geri qayıtmağa çalışırlar. Buna görə də, Ermənistan-Azərbaycan təmaslarının müxtəlif səviyyələrdə davam etməsi çox vacibdir. Ermənistan nümayəndə heyəti aprelin 10-da Ermənistan-Azərbaycan sərhədinin demarkasiya olunmuş hissəsi vasitəsilə Azərbaycana səfər edib və oradakı tərəfdaşları ilə görüşlər keçirib”, - siyasətçi əlavə edib.

Mehrabyan Ermənistanın öz dəmir yolu şəbəkəsinin idarəçiliyinin Rusiyadan alınıb başqa ölkəyə verilməsi məsələsinə də toxunub.

Qazaxıstan xarici işlər naziri Yermek Koşerbayevin Ermənistana səfəri və görüşləri barədə danışan sədr müavini bildirib ki, qazax tərəfi ilə dəmir yolunun konsessiya idarəçiliyi barədə mümkün ssenariləri müzakirə olunub:

“Rusiya “fantom ağrılar” içindədir, hələ də anlamır ki, Ermənistan ona yaxşı seçim təklif edib. İndi ruslar bu konsessiyadan imtina etməli və əlavə maneələr yaratmamalıdırlar. Dəmir yolu Ermənistanın mülkiyyətidir, Rusiya isə sadəcə idarəçidir, həm də pis idarəçidir. Amma bundan imtina etmək istəmir, çünki Rusiya üçün konsessiya Ermənistanın siyasi və sülh gündəliklərini pozmaq, ölkəni beynəlxalq öhdəliklərdən yayındırmağa hesablanmış alətə çevrilib”.