BAKI, 7 aprel. TELEQRAF
Ermənistan Parlamenti Seçki Məcəlləsinə düzəlişləri birinci oxunuşda qəbul edib.
Teleqraf xəbər verir ki, 66 deputat qanun layihəsinin lehinə, 16-sı isə əleyhinə səs verib.
Hakim “Vətəndaş Müqaviləsi” Partiyasından olan parlament üzvləri tərəfindən hazırlanan sənəddə partiyalar və seçki bloklarının adlarına bir sıra məhdudiyyətlər qoyulur. Xüsusilə, partiya adlarında fərdlərin, dövlət və bələdiyyə qurumlarının adlarının (“Ermənistan”, “İrəvan” və sair) istifadəsi qadağan edilir.
Təşəbbüs müəllifləri qeyd edirlər ki, fərdiləşdirmənin qadağan edilməsi partiya sisteminin inkişafına, dövlət adlarının istifadəsinə qoyulan məhdudiyyət isə siyasi qüvvələrin dövlətlə eyniləşdirilməsinin qarşısını almağa yönəlib. Bundan əlavə, adlarda təhqiramiz ifadələrin istifadəsi qadağan edilir.
Ermənistan müxalifəti təşəbbüsü tənqid edərək, onun siyasi motivli olduğunu bildirib.
Müzakirələr zamanı rusiyalı milyarder Samvel Karapetyanın tərəfdarları parlament binasının qarşısında mitinq keçiriblər. Mitinqə onun “Güclü Ermənistan” partiyasının qarşıdakı parlament seçkilərində “Samvel Karapetyanla Güclü Ermənistan” adı altında iştirak etmək niyyəti səbəb olub. Qanun layihəsinin qəbulundan sonra bu ad dəyişdirilməlidir.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.