BAKI, 25 mart. TELEQRAF
“Hakim “Vətəndaş Müqavilə” partiyasının üzvləri və Baş nazir Nikol Paşinyanın “əgər biz seçilməsək, müharibə olacaq” kimi açıqlamaları şantaj yox, reallıqdır”.
Teleqraf xəbər verir ki, bunu erməni siyasi analitik Edqar Arakelyan deyib.
Arakelyanın fikrincə, bu reallıq Ermənistanın radikal müxalifətinin davranışlarından, siyasi bəyanat və istəklərindən qaynaqlanır:
“Onlar bu bəyanatlarda qonşu ölkələrə - Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları irəli sürürlər. Samvel Karapetyan və Robert Köçəryanın posterlərində “Ararat” dağının (Ağrı) təsviri var, qonşu ölkələr bunu öz ərazilərinə qarşı təhdid kimi qəbul edə bilər. Bu insanlar 44 günlük müharibədən sonra hər yolla Ermənistanı münaqişəyə sürükləməyə çalışırlar”.
Ekspertin sözlərinə görə, Rusiya Ermənistanın keçmiş hakimiyyətlərinin və ya indiki müxalifətin təminatçısıdır:
“İndi də istəyirlər ki, Rusiya onların yox, Ermənistanın təminatçısı olsun. Karapetyan və digərləri Rusiya və Belarusun əlində girovdur, Ermənistanın əleyhinə kuklaya çevriliblər. Qoy əvvəl özləri azad olunsunlar, sonra başqalarının azad olunmasından danışsınlar. Bütün dövləti də girov etmək, onu köləyə çevirmək istəyirlər”.
Arakelyan əmindir ki, iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərində bu revanşist qüvvələr böyük məyusluq gözləyir və Rusiya öz köhnəlmiş alətlərini kənara atacaq: “Halva deməklə ağız şirin olmur, güclü deməklə də güclü olmursan”.
Analitik baş nazir kimi hakimiyyətə qayıtmaq istəyən Robert Köçəryanın fəallığına da toxunub:
“Köçəryan pambıq sviterlə Ermənistana gəlmişdi, indi isə “Stefano Ricci” pencəyi ilə oturub özünü “kul” (cool) göstərərək müsahibələr verir. O sviterdən bu pencəyə qədər olan yol erməni xalqının talan edilməsi, qanı və əzabı hesabına çəkilib”.
Edqar Arakelyan vurğulayıb ki, iyunun 7-də Ermənistan vətəndaşları sülh və müharibə arasında seçim edəcək: “İyunun 7-si həlledici gün olacaq”.