BAKI, 24 fevral. TELEQRAF
“Rusiya Ermənistandakı əlaltıları vasitəsilə Azərbaycanla sülh prosesini pozmağa çalışır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın “Respublika Uğrunda” Partiyasının sədr müavini Ruben Mehrabyan deyib.
Siyasətçi erməniəsilli rusiyalı milyarder Samvel Karapetyan və komandasının fəallığını da bununla izah edib:
“Onlar Ermənistana qrup maraqlarına xidmət etmək üçün gəliblər, girov statusuna malikdirlər və bütün bunları etməyə məcburdurlar. Onlar Kirill təriqətindəndirlər (Rusiyanın patriarxını nəzərdə tutur – red.)”.
Mehrabyan qeyd edib ki, bu insanlar oda düşüblər, başqalarını da özləri ilə birlikdə oda atmaq istəyirlər:
“Bütün bunlara müvafiq qiymət verilməlidir. Maskalarını çıxarsalar, altından Solovyov, Marqarita Simonyan və Putinin siması görünəcək. Rusiyanın həyatımızda iştirakı nə qədər az olsa, bir o qədər yaxşıdır”.
O əlavə edib ki, Rusiya sülh prosesini iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri vasitəsilə dayandırmaq istəyir.