BAKI, 18 fevral. TELEQRAF
Rusiyada “Ermənistan Dəmir Yolları”nın idarəçiliyinin başqa bir ölkəyə verilməsi ehtimalını qəribə və az ehtimallı hesab edirlər”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O bildirib ki, Rusiya regionda bütün nəqliyyat-kommunikasiya xətlərinin açılmasının ardıcıl tərəfdarıdır. Onun sözlərinə görə, “Ermənistan Dəmir Yolları” artıq təxminən 20 ildir “Cənubi Qafqaz Dəmir Yolu”nun idarəçiliyi altındadır və konsessiya sazişinin şərtlərini sabit şəkildə yerinə yetirir.
“Bu qurum təkcə konsessiya müqaviləsinin şərtlərini ardıcıl şəkildə icra etməyib, həm də infrastruktur və digər istiqamətlər üzrə əhəmiyyətli vəsaitlər yatırıb, çoxsaylı iş yerləri yaradıb, bu investisiyalar hələ də geri ödənilməyib. Bu, İrəvanın unutduğu məqamdır”, - Zaxarova vurğulayıb.
O əlavə edib ki, Rusiya operatorları Ermənistanı rəqabət üstünlüklərindən məhrum etmir, əksinə, bu üstünlüklərin formalaşmasına töhfə verirlər.
Ermənistan KİV bundan əvvəl yazmışdı ki, Ermənistan-Rusiya münasibətləri yaxın gələcəkdə daha da pisləşmə riski altındadır. Qeyd edilmişdi ki, Ermənistan hakimiyyəti bəzi Qərb ölkələrinə “Rusiya Dəmir Yolları”nın törəmə şirkəti “Cənubi Qafqaz Dəmir Yolu”nu ələ keçirmək və idarə etmək üçün müraciət edib.
Xatırladaq ki, məsələ Ermənistanın Azərbaycan və Türkiyə ilə əlaqəli dəmir yollarının iki hissəsinin bərpası ilə bağlı Rusiyaya müraciəti kontekstində gündəmə gəlib. Rusiya baş nazirinin müavini Aleksey Overçuk Baş nazir Nikol Paşinyanın müvafiq mesajından sonra Moskvanın İrəvanla danışıqlara başlayacağını açıqlamışdı. Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri Davit Xudatyan bundan sonra artıq danışıqların başladığını bəyan edib.