BAKI, 13 fevral. TELEQRAF
“ABŞ-nin vitse-prezidenti Ceyms Devid Venslə ABŞ-Ermənistan ikitərəfli gündəliyi və bu gündəliyi necə inkişaf etdirə biləcəyimizi müzakirə etdik”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-nin vitse-prezidentinin İrəvana səfəri zamanı İranla bağlı durumun müzakirə olunub-olunmaması barədə suala cavab olaraq deyib.
O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın İranla ticarət edən ölkələrə gömrük rüsumlarını artıracağı barədə mövzu da müzakirə edilməyib.
Ermənistan-Türkiyə münasibətləri və sərhədin mümkün açılma vaxtına gəlincə, Təhlükəsizlik Şurasının katibi vurğulayıb:
“Vaxtla bağlı heç bir məlumat verə bilmərəm. Türkiyə ilə razılaşmaların icra olunmasını gözləyirik və bu razılaşmaları mümkün qədər tez həyata keçirmək üçün Türkiyə tərəfi ilə müzakirələri davam etdiririk”.