BAKI, 9 fevral. TELEQRAF
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin səfərindən əvvəl ABŞ Hərbi Hava Qüvvələrinə məxsus azı 20 hərbi-nəqliyyat təyyarəsi Ermənistan və Azərbaycana gəlib.
Teleqraf xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
ABŞ-nin vitse-prezidenti fevralın 9-10-da Ermənistanda rəsmi səfərdə olacaq, İrəvandan sonra Bakıya yollanacaq.

Məlumata görə, təyyarələrin əksəriyyəti fevralın 4-8-də İrəvan və Bakıya eniş edib. Monitorinqlər göstərib ki, Ermənistana 12 hərbi-nəqliyyat təyyarəsi gəlib, daha 9 təyyarə isə Azərbaycana uçub.
Təyyarələr əsasən ABŞ-dəki hərbi bazalardan havaya qalxıb və Almaniyadakı “Ramştayn” aviabazasında yanacaq doldurduqdan sonra regiona gəliblər. Bütün uçuşlar 77,5 tona qədər yükdaşıma qabiliyyətinə malik ağır hərbi-nəqliyyat təyyarəsi olan “Boeing C-17A Globemaster III” ilə həyata keçirilib.

Qeyd edilib ki, ABŞ HHQ-nin xüsusi əməliyyat qüvvələri üçün nəzərdə tutulmuş “Lockheed Martin MC-130J Commando II” tipli ixtisaslaşmış hərbi-nəqliyyat təyyarələri də İrəvan və Bakıya uçuşlar həyata keçirib. Həmin təyyarələrdən ikisi Gürcüstana da uçub.
Ceyms Devid Vens bundan öncə 14 təyyarədən ibarət aviasiya qrupu ilə İtaliyaya səfər etmişdi.