BAKI, 9 fevral. TELEQRAF
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycan və Ermənistana gözlənilən səfəri həm istiqamətləri, həm də səfərin özü ilə diqqət çəkir.
Teleqraf xəbər verir ki, bu barədə “Associated Press” (AP) bildirib.
Agentlik xatırladıb ki, Vens fevralın 9-da İrəvanda, bir gün sonra Bakıda olacaq. Səfərin məqsədi ABŞ-nin keçən il Ağ Evin vasitəçiliyi ilə əldə olunmuş Azərbaycan və Ermənistan arasında sülh razılaşmasına dəstəyini yenidən təsdiqləməkdir.
Səfərin əhəmiyyətini şərh edən ABŞ Dövlət Departamentinin sabiq əməkdaşı Pol Qobl bu mənada geniş regional konteksti vurğulayıb:
“Azərbaycan və Ermənistan ABŞ üçün getdikcə daha əhəmiyyətli olur, təkcə ona görə yox ki, hər iki ölkə Moskvadan uzaqlaşıb və TRIPP-i dəstəkləyir, həm də ona görə ki, İran ətrafındakı gərginlik, şübhəsiz, Cənubi Qafqaza da təsir edəcək”.
AP hesab edir ki, Vensin səfəri bu baxımdan təkcə protokol xarakteri daşımır, həm də bölgədə sabitliyi gücləndirmək məqsədi daşıyır. Qoblun sözlərinə görə, vitse-prezident Bakı və İrəvana ABŞ-nin dəstəyini təsdiqləmək və tərəfləri seçdikləri yolda ruhlandırmaq üçün gəlir, regionun cənubundakı qeyri-sabitlik şimalda təhlükəsizlik hesablamalarına tez bir zamanda təsir göstərə bilər.
Səfərin vaxtı da bu yanaşmanı izah edir. ABŞ-də keçiriləcək ara seçkilər daxili siyasi gündəmdə rol oynasa da, Qobl hesab edir ki, əsas amil bu deyil: “Məncə, İran ətrafındakı mövcud problemlər səfərin vaxtını ara seçkilərdən daha yaxşı izah edir”.
Mənbə qeyd edib ki, Ceyms Devid Vens ABŞ-ın bir sıra vacib seçki bölgələrindəki əhəmiyyətli erməni seçici kütləsini və öz siyasi ambisiyalarını nəzərə alaraq mümkün daxili siyasi təsiri də anlayır.
Sülh sazişinin pozulması halında Vaşinqtonun reaksiyası ayrıca məsələdir. Post-münaqişə mühitində də qarşılıqlı ittihamlar baş verir, Cənubi Qafqaz da istisna deyil.
“Vaşinqton yaxşı bilir ki, hər iki tərəf 2025-ci ilin avqustunda Tramp vasitəsilə əldə olunmuş razılaşmanın pozulmasında bir-birini ittiham edəcək”, - Qobl vurğulayıb. Onun sözlərinə görə, ABŞ-nin məqsədi təkcə qiymətləndirmə aparmaq yox, həm də belə ittihamların açıq eskalasiyaya çevrilməsinə imkan verməməkdir.
Analitikin fikrincə, məsələ vəziyyətin idarə olunmasıdır, sazişi qoruyub saxlayan hər iki tərəfi ABŞ-nin dəstəyi ilə təmin etməkdir:
“Beləliklə, Vensin səfəri təkcə protokol xarakteri daşımır, ABŞ-nin Cənubi Qafqazda sabitliyin qorunması və təsirinin möhkəmləndirilməsi strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir, xüsusilə bölgədə artan qeyri-müəyyənlik şəraitində”.