BAKI, 9 fevral. TELEQRAF

“ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bu gün İrəvana gəlir, növbəti dayanacağı Bakı olacaq”.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.

Ekspert bildirib ki, Vens regional səfəri çərçivəsində İrəvana da gəlsə də, Vaşinqtonun Cənubi Qafqazdakı əsas tərəfdaşı Bakıdır:

“Əslində, ABŞ Dövlət Departamentinin sabiq əməkdaşı Pol Qoblun son şərhi Ceyms Devid Vensin Azərbaycan və Ermənistana planlaşdırılan səfərinin siyasi-strateji əhəmiyyətini açıqlayır. Pol Qoblun qiymətləndirməsinə görə, Azərbaycan regionda ABŞ üçün əsas tərəfdaşdır. Azərbaycan ABŞ-də Rusiyanın faktiki nəzarət dairəsindən çıxmış, regionda müstəqil güc kimi nəzərdən keçirilir”.

Surenyants qeyd edib ki, Bakı ilə müzakirələrin mərkəzində eyni vaxtda bir neçə strateji istiqamət dayanır. Erməni politoloq bu kontekstdə Zəngəzur dəhlizi, Transxəzər nəqliyyat dəhlizi və digər amillərə diqqət çəkib.

“Qoblun məntiqinə əsasən, Azərbaycan Vaşinqton üçün təzyiqə məruz qalan dövlət deyil, əksinə, onunla sövdələşməyə əsaslanan və uzunmüddətli münasibətlər qurulan tərəfdaşdır. Qobl qeyd edib ki, səfər çərçivəsində Ermənistanın rolu ikinci dərəcəlidir. Əlbəttə, Ceyms Devid Vensin İrəvana səfəri ABŞ-nin Ermənistan gündəmindən çəkilmədiyinə dair siyasi siqnaldır. Bu, xüsusilə qarşıdan gələn parlament seçkiləri fonunda əhəmiyyətlidir. Bu səfər Ermənistan üçün həm də daxili sabitliyin qorunmasına və Rusiya təsirinin daha da azalmasına yönəlmiş siyasi sığorta amilidir.

Qısaca desək, Qoblun məntiqinə görə, Vensin İrəvan səfəri daha çox parlament seçkiləri ərəfəsində Paşinyan və komandasına dəstək xarakteri daşıyır”, - Surenyants vurğulayıb.

Erməni ekspertin fikrincə, Ukrayna müharibəsi Rusiyanı Cənubi Qafqazda real təsir rıçaqlarından məhrum edib:

“Moskva Ermənistana informasiya və ya daxili siyasi üsullarla müdaxilə etməyə cəhd göstərə bilər, amma regional proseslərin gedişinə nəzarət etmək üçün kifayət qədər resursa malik deyil. Pol Qobl xüsusi olaraq vurğulayıb ki, Azərbaycanın son addımları - Ermənistana qaz və buğda tədarükü, bir neçə erməni məhbusun azad edilməsi və digər təşəbbüslər ABŞ-nin birbaşa təzyiqi ilə deyil, öz maraqları ilə şərtlənir. Eyni məntiq Naxçıvanın yeni Konstitusiyası ilə bağlı yanaşma və Rusiyaya dair hüquqi-siyasi istinadlardan ardıcıl imtinaya da aiddir”.

Surenyants hesab edir ki, Vensin Azərbaycan və Ermənistana səfəri ABŞ-ın yeni regional strategiyasının açıq ifadəsidir:

“Vaşinqton eyni vaxtda İran ətrafındakı riskləri idarə etməyə, Rusiya və Çinin təsirini məhdudlaşdırmağa, tranzit dəhlizlərini irəli aparmağa və Azərbaycanı regionun əsas tərəfdaşı kimi möhkəmləndirməyə çalışır. Ermənistan üçün bu səfər strateji dönüş demək deyil, amma faktiki olaraq ölkənin strateji istiqamətinin dəyişdirilməsinə yönəlmiş Nikol Paşinyan siyasətini təşviq edir.

Başqa sözlə, regionda məzmunlu siyasi-təhlükəsizlik münasibətləri Vaşinqton-Bakı oxu üzərində formalaşır, İrəvan isə artıq formalaşmış siyasi məntiq çərçivəsində, məhdud manevr imkanları ilə prosesə cəlb olunur”.