BAKI, 26 yanvar. TELEQRAF

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycan və Ermənistana gözlənilən səfərinə münasibət bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, sosial mediada yazıb.

ABŞ Prezidenti Donald Trampın “Truth Social”dakı açıqlamasını sosial media hesabında paylaşan Mixeil Saakaşvili qeyd edib:

“Gürcüstan artıq mövcud deyil”.

Donald Tramp həmin paylaşımında bildirib ki, Vens fevralda Azərbaycan və Ermənistana səfər etməyi planlaşdırır.

ABŞ Prezidenti qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyana 2025-ci ilin yayında imzalanmış sülh sazişinin şərtlərinə əməl etdiklərinə görə minnətdardır. O vurğulayıb ki, Vensin səfərinin məqsədi sülh təşəbbüslərini davam etdirmək və “Tramp Marşrutu” layihəsinin həyata keçirilməsinə dəstək verməkdir.

Donald Tramp ABŞ-nin Ermənistanla nüvə enerjisi sahəsində əməkdaşlıq haqqında saziş imzalayacağını, Azərbaycanla isə yarımkeçiricilər və hərbi məhsulların tədarükünə dair müqavilələr bağlamağı planlaşdırdığını da açıqlayıb.