BAKI, 19 yanvar. TELEQRAF
Ermənistan parlamentinin bugünkü iclası 44 günlük müharibəni araşdıran komissiyanın hesabatı ilə başlayan mübahisə ilə start götürüb.
Teleqraf xəbər verir ki, sənəd ötən payız parlamentin arxiv şöbəsinə göndərilib, heç vaxt parlament üzvləri və ya ictimaiyyətə təqdim edilməyib.
Müxalif “Ermənistan” fraksiyasının üzvü Geqam Manukyan bir daha bu məsələyə diqqət çəkərək bildirib ki, hesabat heç olmasa, bağlı qapılar arxasında müxalifətə təqdim edilməli idi.
Buna cavab olaraq, spiker Alen Simonyan Manukyan və həmkarlarına hesabatı arxiv şöbəsində nəzərdən keçirməyi məsləhət görüb. Spiker həmçinin müxalifəti parlamentin işində tam iştirak etmək istəməməkdə günahlandırıb.
Manukyanın fraksiya həmkarı Artur Xaçaturyan isə deyib ki, müxalifətin hesabatın məzmunu ilə bağlı spesifik sualları var və məlum səbəblərdən bu sualları arxiv şöbəsinin rəhbərinə ünvanlaya bilmirlər.