BAKI, 12 yanvar. TELEQRAF

“Ermənistan müxalifəti Rusiyanın ölkəmizi hərbi yolla ələ keçirməsini istəyir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Vaaqn Aleksanyan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib.

“Faktiki olaraq rusiyalı təbliğatçı Vladimir Solovyov növbəti cəfəngiyyatını ortaya ataraq bəyan edib ki, Rusiya Ermənistanda hərbi əməliyyatlara başlamalıdır. Solovyovun yeni axmaq olmadığı çoxdan məlumdur, onun Ermənistana qarşı nifrət və düşmən münasibəti də yeni deyil. Burada yenilik Ermənistan müxalifətinin susqunluğudur. Solovyov sizin xoşunuza gələn ifadə səsləndirib, niyə səsinizi çıxarmırsınız?”, - deputat bildirib.

Vaaqn Aleksanyan hesab edir ki, burada iki variant var:

“Birinci, qorxursunuz, çünki Solovyov sizin rəhbərinizdir, sizin KQB iyerarxiyanızda sizdən daha yuxarı mövqedədir.

Yaxud sizin də arzunuz budur ki, Rusiya burada əməliyyata başlasın və sizə quberniya rəhbəri statusu versin”.

Vladimir Solovyov bundan əvvəl söyləmişdi ki, Ermənistanın itirilməsi Rusiyanın maraqlarına ziddir. Onun sözlərinə görə, “xüsusi hərbi əməliyyat” təkcə Ukraynada yox, Rusiyanın təsir dairəsində olan digər ərazilərdə də həyata keçirilməlidir, xüsusən də Ermənistanda.