BAKI, 12 yanvar. TELEQRAF
2025-ci il avqustun 8-də Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidenti Donald Trampın iştirakı ilə razılaşma imzalayıblar. Bu çərçivədə sülh sazişi də paraflanıb. Ratifikasiya prosesinin təxminən 12 ay çəkəcəyi güman edilirdi, amma həmin müddətin yarısı keçsə də, nəzərəçarpacaq irəliləyiş müşahidə olunmur, bir neçə əsas məsələ hələ də həllini tapmayıb. Dörd məqam müəyyən edəcək ki, bu imkan gerçəkləşəcək, ya yox.
Teleqraf xəbər verir ki, bu barədə “Arab News” üçün yazdığı məqalədə Lyuk Koffin bildirib.
Müəllifə görə, birinci sınaq Ermənistan Baş naziri Nikol Paşinyan və komandasının siyasi stabilliyi ilə bağlıdır. Paşinyan iyunda keçiriləcək parlament seçkilərinə hazırlaşır. Ehtimal edilir ki, seçkilər gərgin keçəcək, bundan sonra siyasi stabillik sülh prosesinin irəliləməsi üçün həlledici rol oynayacaq.
Sülhlə bağlı ən vacib məsələ Ermənistan Konstitusiyasında dəyişikliklə əlaqəlidir. Azərbaycan açıq şəkildə bəyan edib ki, bu məsələ həll edilməlidir, yalnız bundan sonra Bakı sülh müqaviləsini ratifikasiya edə bilər.
Növbəti məsələ təcili həll tələb edən “Tramp yolu” və ya Zəngəzur dəhlizidir. Koffin qeyd edib ki, 42 kilometrlik keçidin ABŞ-nin dəstəyi ilə beynəlxalq özəl konsorsiuma təhvil verilməsi nəzərdə tutulur. Ermənistan rəsmi olaraq bu konsepsiyaya razılıq versə də, onun həyata keçirilməsi üçün heç bir konkret addım atılmayıb. Ermənistanda tikinti işlərinə başlanılmayıb, avtomobil və dəmir yolları tikilməyib və ya təmir olunmayıb.
Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin məsələ ilə əlaqədar açıqlamasında da yer verilib. Əliyev son vaxtlar irəliləyişin olmamasına görə narahatlığını ifadə edib və xəbərdarlıq edib ki, gecikmələr tərəflər arasında etibarı poza bilər. Koffinə görə, 2026-cı ildə Ermənistan ərazisində tikintiyə başlanmasa, razılaşmanın etibarlılığı ciddi risk altına düşə bilər.
Qeyd edilib ki, bir başqa məsələ Rusiya və İranla bağlıdır. Həm Moskva, həm də Tehran Vaşinqtonun sülh prosesində vasitəçilik rolunu qəbul etmir:
“Rusiya ABŞ-nin dəstəyi olan istənilən məsələyə ehtiyatla yanaşır, hətta bu, özəl sektor tərəfindən həyata keçirilirsə belə. Çünki hazırda Ermənistan-İran sərhədini Rusiya nəzarətdə saxlayır. Tehran isə həmin 42 kilometrlik keçidi şimal istiqamətinə aparan əsas ticarət yolu kimi istifadə edir. Beləliklə, ABŞ tərəfindən dəstəklənən tranzit keçidi həm İran, həm də Rusiyanın maraqlarına zidd ola bilər. Həm Moskva, həm də Tehran üçün status-kvonun saxlanması sərfəlidir”.
Müəllifə görə, bu çağırışlara baxmayaraq, 2026-cı il Ermənistan və Azərbaycan arasında sülhün təmin olunacağı il ola bilər.