BAKI, 2 aprel. TELEQRAF

“Dünən Kremldə Nikol Paşinyanla görüşdə bir daha sübut olundu ki, Vladimir Putin Ermənistanın siyasi meydanında namizədləri var”.

Teleqraf xəbər verir ki, bunu erməni siyasi şərhçi Harutyun Mkrtçyan deyib.

Ekspert Rusiya liderinin hazırda həbsdə olan erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyanın namizədliyini dəstəklədiyini bildirib:

“Karapetyanın həssas məsələ olduğunu deyəndə, tərəfdarları əsəbiləşir, panikaya düşürdülər. Əgər ona Putinin özü zəmanət verirsə və Rusiyada milyonlarla kapitalı var, o, necə Ermənistanın maraqlarından danışa bilər? Bu qədər açıq danışdığı üçün Putinə təşəkkür edirəm”.

Rusiyada yaşayan ermənilərin Nikol Paşinyana qarşı fəaliyyətlərinə toxunan Mkrtçyan söyləyib:

“Rusiyadakı erməni elitası öz şərəfini rubla satıb, milliyyətini və dilini inkar edir. Utanın, yerə girin. Əgər cəsarətiniz varsa, KTMT barədə danışın. Bir tikə çörəyə görə hər şeyi danırlar, qorxurlar. Rusiyadakı ermənilər Ermənistana qarşı istifadə olunan alətə çevriliblər. Bunu qulaqlarında sırğa etsinlər”.

Aprelin 1-də Kremldə Vladimir Putin Nikol Paşinyanla görüşdə Samvel Karapetyanla bağlı məsələyə diqqət çəkib. Putin qeyd edib ki, Ermənistanda qarşıdan gələn seçkilərdə iştirak etmək istəyini bildirən və Rusiya pasportları olan şəxslərin olduğunu və onlardan bəzilərinin həbsdə olduğunu bilir: “Bu, sizin qərarınızdır, amma biz istərdik ki, Rusiya pasportu olanlar daxili siyasi proseslərdə iştirak edə bilsinlər”.

Ermənistan Baş nazirinin Rusiya Prezidentinə cavabı belə olub:

“Diqqətinizi ona çəkmək istəyirəm ki, bu seçkilərdə ancaq Ermənistan pasportuna malik vətəndaşlar iştirak edə bilərlər. Başqa sözlə desək, Ermənistan Konstitusiyasına görə, Rusiya pasportuna malik şəxslər nə deputatlığa, nə də baş nazirliyə namizəd ola bilərlər”.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.