BAKI, 1 aprel. TELEQRAF
Gürcüstan iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Tamar İoseliani Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nokerquli Ataquliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə ölkənin dəniz limanları və logistika infrastrukturuna baş çəkib.
Teleqraf xəbər verir ki, nümayəndə heyəti Gürcüstanın müxtəlif dəniz infrastrukturu, mövcud imkanları və tutumları ilə tanış olub.
Türkmənistan mövcud Gürcüstan limanlarında anbar və logistika infrastrukturunun inkişaf etdirilməsində və bu istiqamətdə investisiya qoyuluşunda maraqlıdır.
“Türkmənistan nümayəndə heyətini Gürcüstanın liman infrastrukturu və imkanları ilə tanış etdik. Potidəki mövcud və yeni dəniz limanlarını gəzdik, həmçinin Anakliya dərin dəniz limanının tikinti və səfərbərlik sahəsinə baş çəkdik, burada gələcək planlarımızı qonaqlarla bölüşdük. Orta Dəhlizdə davam edən proseslər çox vacibdir. Bu kontekstdə Mərkəzi Asiya çox vacib tərəfdaş, tranzit istiqamətidir. Mərkəzi Asiyanın burada fəal iştirakı dəhlizin effektivliyini və rəqabət qabiliyyətini müəyyən edir. Bu marşrutda yük dövriyyəsini artırmaq və bu axınlara effektiv və sürətli xidmət göstərmək üçün Türkmənistan da daxil olmaqla, tərəfdaş ölkələrlə sıx əməkdaşlıq edirik”, - Tamar İoseliani görüşdən sonra bildirib.