BAKI, 2 aprel. TELEQRAF

“İrəvan Ermənistanda Qərb informasiya mərkəzlərinin tikintisindən az qazanacaq və uzunmüddətli nəticələr əsasən mənfi olacaq”.

Teleqraf xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk TASS-a deyib.

Overçukun iddiasına görə, informasiya mərkəzlərinin tikintisi demək olar, heç bir iş yeri yaratmır.

“Məlumdur ki, informasiya mərkəzlərinin mövcudluğu pərakəndə elektrik enerjisi qiymətlərinin artmasına birbaşa təsir göstərir ki, bu da insanlar və müəssisələrin real həyatına da təsir edəcək”, - Rusiya baş nazirinin müavini əlavə edib.

Rusiya baş nazirinin müavini onu da vurğulayıb ki, Moskva və İrəvan bundan sonra iqtisadi münasibətləri fərqli şəkildə qurmalı olacağı nöqtəyə çox yaxınlaşıb:

“Bizim tərəfdən müzakirələr açıq və həmişə hörmət çərçivəsində keçir. Amma (Ermənistanda deyilən) sözlərlə əməlləri müqayisə etdikdə belə nəticəyə gəlmək olur ki, həmkarlarımız elə bir nöqtəyə çox yaxınlaşıblar ki, bundan sonra bu ölkə ilə iqtisadi münasibətlərimizi başqa cür qurmalı olacağıq”.

Overçukun sözlərinə görə, Ermənistanla ticari-iqtisadi əlaqələrin gələcək perspektivləri Rusiyanı narahat edir:

“Dəmir yollarının konsessiyasının satılması ilə bağlı bəyanatlar, regiondakı ümumi vəziyyət və Ermənistan rəhbərliyinin Avropa İttifaqı ilə yaxınlaşma siyasəti fonunda bu əlaqələrin gələcəyi ilə bağlı ciddi suallar yaranır”.