BAKI, 30 dekabr. TELEQRAF
“Ermənistan və Azərbaycan arasında sülh Prezident İlham Əliyevin liderliyi sayəsində mümkün olub”.
Teleqraf xəbər verir ki, bunu politoloq Eldar Namazov sosial media hesabında yazıb.
“Tramp yaxşıdır, amma həmişə haqlı deyil. ABŞ Prezidenti bildirib ki, Azərbaycanla Ermənistan arasında sülhə 200 faizlik ticarət rüsumları tətbiq etməklə hədələməsi sayəsində nail olub. Halbuki Bayden administrasiyası dövründə Azərbaycanla ABŞ arasındakı ticarət əlaqələri elə bir minimuma endirilmişdi ki, hətta 2000 faizlik rüsumlar belə hansısa iqtisadi zərər verə bilməzdi.
Üstəlik, həmin vaxta qədər sülh sazişi artıq razılaşdırılmışdı, yalnız rəsmi elan və təsbit üçün yer və formatın seçilməsi qalırdı. Bu prosesdə böyük ölçüdə Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi mühüm rol oynayıb. Məhz sülh danışıqları və sülh müqaviləsi layihəsini o irəli sürüb. Kommunikasiyaların açılması və uzun müddət maneə yarada biləcək məsələləri sülh sazişindən kənarda saxlamağa da o razılıq verdi. Məlum olduğu kimi, qələbənin atası çox olur, məğlubiyyət isə yetim qalır”, - analitik bildirib.
Bununla belə, Eldar Namazov vasitəçilik səylərinə görə ABŞ Prezidentinə təşəkkür düşdüyünü vurğulayıb: “8 avqust və “Tramp marşrutu”na görə təşəkkürlər, Donald”.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl Ermənistan və Azərbaycan arasındakı münaqişənin iki ölkə ilə ticarəti dayandırmaqla hədələyərək həll olunduğunu iddia edib.
“Bunu sözün əsl mənasında bir gündə etdim. Ticarət. Dedim ki, hər ikisi ilə ticarəti dayandıracağıq, artıq ticarət yoxdur. Sonra 200 faizlik tarif tətbiq etdim. Ertəsi gün zəng etdilər”, - Tramp İsrail Baş naziri Benyamin Netanyahu ilə Mar-a-Laqoda görüşündə söyləyib.
ABŞ Prezidenti əlavə edib ki, sürətli həll rusiyalı həmkarı Vladimir Putini təəccübləndirib: “Putin əslində bu müharibənin həll olunacağına inana bilmədiyini dedi”.