BAKI, 26 dekabr. TELEQRAF
“ABŞ 2026-cı ildə Cənubi Qafqazdakı fəaliyyətini artıracaq. Hətta gələn il “Tramp yolu”nun (və ya Zəngəzur dəhlizinin) rəsmi olaraq açılması da istisna edilmir”.
Teleqraf xəbər verir ki, bu barədə erməni politoloq Suren Sərkisyan deyib.
Ekspertin sözlərinə görə, bu tədbir Ermənistanda iyun ayında keçiriləcək seçki kampaniyası ilə üst-üstə düşə bilər. O qeyd edib ki, ABŞ-nin Ermənistanda və bütövlükdə regiondakı prioritetləri və maraqları İrəvanın reallıqları prizmasından yox, qlobal siyasət kontekstində nəzərdən keçirilməlidir:
“Biz “Tramp yolu”na Ermənistan prizmasından baxmağa meylliyik. Əslində, söhbət təkcə Ermənistan, Azərbaycan və kommunikasiyalardan getmir, bu, Mərkəzi Asiyanı Avropa ilə birləşdirməyə, Rusiya və Çinin bölgədəki təsirini azaltmağa yönəlmiş daha böyük bir layihənin bir hissəsidir”.
Politoloq vurğulayıb ki, bu, ilk növbədə Mərkəzi Asiya ölkələrindən Avropa bazarına enerji ixracı və Avropanın Rusiyadan asılılığını azaltmaq və öz ərazisindən tranzit etmək istəyi ilə əlaqəlidir:
“Bu kontekstdə “Tramp yolu” qaz-neft boru kəmərləri, eləcə də nəqliyyat və ticarət dəhlizlərinin inşa edilə biləcəyi bir neçə alternativ logistik marşrutdan yalnız biridir. Bu kontekstdə Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında öz ərazisi vasitəsilə əlaqəni təmin etməkdən daha geniş bir geoiqtisadi layihənin bir hissəsidir”.
Sərkisyanın fikrincə, Mərkəzi Asiya ölkələri artıq Rusiya və Çindən yan keçərək Avropa bazarlarına alternativ marşrutlar hazırlayır və oxşar planlar son illərdə müxtəlif səviyyələrdə dəfələrlə səsləndirilib: “Amerikanın regionda aktivliyinin artması 2026-cı ildə nəzərə çarpacaq. Bu çərçivədə “Tramp yolu”nun 43 kilometrlik hissəsinin rəsmi açılışı da mümkündür. Ermənistan hakimiyyəti seçkiqabağı dövrdə bundan istifadə etmək üçün parlament seçkilərindən əvvəl bunun baş verməsində maraqlıdır. Prosesin aktiv mərhələsi yanvar-fevral aylarında başlaya və il boyu davam edə bilər”.
Suren Sərkisyan ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin fevralda Ermənistana səfər edəcəyini də iddia edib.