BAKI, 23 dekabr. TELEQRAF
Avropa Komissiyasının hesabatı Avropa İttifaqının (Aİ) ikiüzlülüyünü göstərir.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
“Hesabat vizasız rejim olan bütün ölkələrə aiddir, belə ölkələr 60-dan çoxdur. Korrupsiya və insan haqları məsələləri ayrıca qeyd olunub. Bu mövzu bütün ölkələr üçün nəzərdə tutulub, amma nədənsə Ukrayna və Moldova üçün çıxarılıb, halbuki məhz həmin iki ölkədə bu problem açıq görünür. Ukraynada korrupsiya qalmaqallarını xatırladaq. Ukrayna Prezidentinin Administrasiyasının yüksək vəzifəli şəxsləri korrupsiyada iştirak edib. Faktlar Ukraynanın daxili araşdırmaları ilə deyil, xaricdən müdaxilə və araşdırma yolu ilə aşkarlanıb. Amma Ukraynadan heç kim heç nə soruşmur. Moldovanın da korrupsiya baxımından reytinqlərdə harada dayandığını hər kəs yaxşı bilir.
İnsan haqlarına gəlincə, hər iki ölkədə (hökumətlərin) sevmədikləri televiziyalar bağlanıb. Avropanın bugünkü “dəyərləri” odur ki, əgər kimdənsə qurtulmaq istəyirsənsə, onu “ruspərəst” adlandır, sonra istəyirsənsə öldür. Avropanın bugünkü “dəyərləri” budur”, - spiker bildirib.