BAKI, 18 dekabr. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycandan Ermənistana neft məhsullarının daşınmasından danışıb və baş verənləri alqışlayıb.

Teleqraf xəbər verir ki, o, bu barədə jurnalistlərə bildirib.

“Bəli, mən də gördüm ki, Azərbaycan istehsalı olan neft məhsulları ilə yüklənmiş qatar hərəkətə keçib və Ermənistana gəlir. Bu inkişafı alqışlayıram”, - baş nazir qeyd edib.

Nikol Paşinyanın sözlərinə görə, ticarət özəl şirkətlər arasında həyata keçirilir, amma Ermənistan və Azərbaycan arasında bərqərar olmuş sülh bunun üçün siyasi şərait yaradıb.

“Çox detallardan xəbərdar deyiləm, amma bilirəm ki, bir qatar gəlir”, - o vurğulayıb.

Baş nazir əlavə edib ki, “Gürcüstan Dəmir Yolu”nun tarifləri ilə bağlı müəyyən məsələlər var, amma onlar tənzimlənəcək: “Əgər tənzimlənməsə, idxal-ixracın təşkili üçün alternativ yollar axtarılacaq”.