BAKI, 17 dekabr. TELEQRAF

“Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycanla sülh sazişinin imzalanmasından sonra mümkün olacaq”.

Teleqraf xəbər verir ki, erməni politoloq Suren Surenyants Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son açıqlamasını belə şərh edib.

Prezident Ərdoğan dünən Türkiyənin Azərbaycanla koordinasiyalı və dialoq yolu ilə Ermənistanla münasibətlərin normallaşdırılması prosesini davam etdirdiyini bildirib. Türkiyə liderinin sözlərinə görə, illərdir sabit sülhdən məhrum olan Cənubi Qafqaz hazırda tarixi bir mərhələ ilə üz-üzədir.

Rəcəb Tayyib Ərdoğan Ermənistan və Azərbaycanın sülh müqaviləsi imzalamağa indiyə qədər olduğundan daha yaxın olduqlarını vurğulayaraq, bu prosesə paralel olaraq, Türkiyənin də Ermənistanla münasibətlərin normallaşdırılması üçün addımlar atdığını bəyan edib: “Allahın köməyi ilə gələn ilin əvvəlində bəzi (Ermənistanla sərhədlərin açılması istiqamətində) simvolik addımları həyata keçirmək mümkün olacaq”.

Suren Surenyants Türkiyə Prezidentinin açıqlamasını belə şərh edib:

“Bu sözlər bizə bir neçə vacib nəticə çıxarmağa imkan verir. İlk növbədə, Türkiyə Ermənistan-Türkiyə münasibətlərinə ayrı bir gündəm kimi deyil, Ermənistan-Azərbaycan prosesindən irəli gələn bir istiqamət kimi baxır. Başqa sözlə, Ankara İrəvanla münasibətlərin normallaşmasını yalnız Ermənistan və Azərbaycan arasında Bakının təklif etdiyi model əsasında sülh sazişinin imzalanması ilə şərtləndirir”.

Prezident Ərdoğanın Ermənistanla sərhədlərin açılması yönündə atıla biləcək mümkün simvolik addımlar barədə açıqlamasına gəlincə, erməni politoloq qeyd edib ki, burada söhbət üçüncü ölkə vətəndaşları üçün sərhədin açılması, birbaşa uçuşlar, dəmir yolunun bərpası və ya digər kiçik addımlar ola bilər.

“Amma məsələlər bununla bitmir, Ərdoğan həm də konkret faydalarla, məsələn, Zəngəzur dəhlizinin açılması ilə maraqlanır”, - Surenyants əlavə edib.

Türkiyə Prezidenti bundan əvvəl Zəngəzur barədə danışarkən bəyan etmişdi ki, Bakıdan Naxçıvana uzanan dəhliz türk dövlətləri arasında ticarət axınını sürətləndirəcək.