BAKI, 13 dekabr. TELEQRAF

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının və Aİ-yə üzv dövlətlərin Ermənistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüş keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüş zamanı 2025-ci ildə Ermənistan–Aİ tərəfdaşlığının inkişafı istiqamətində əldə olunmuş mühüm nəticələr və müsbət dinamika məmnunluqla qeyd edilib, həmçinin 2026-cı il üçün nəzərdə tutulan prioritet addımlar və planlar ətrafında fikir mübadiləsi aparılıb.

A. Mirzoyan Ermənistan-Aİ münasibətlərində son inkişaflara toxunaraq bildirib ki, təxminən on gün əvvəl Brüsseldə Ermənistan-Aİ tərəfdaşlığının yeni strateji gündəliyi qəbul olunub. Onun sözlərinə görə, bu sənəd ikitərəfli münasibətlərdə əldə edilmiş nailiyyətləri təsbit etməklə yanaşı, gələcəkdə əməkdaşlığın daha da dərinləşdiriləcəyi əsas istiqamətləri müəyyənləşdirir.

XİN rəhbəri Ermənistanın Aİ ilə tərəfdaşlığın daha da genişləndirilməsi ilə bağlı baxışlarını, yanaşmalarını və təkliflərini təqdim edib. O, Avropa İttifaqı və üzv dövlətlərin Ermənistanın demokratik inkişaf yoluna göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndirib, eyni zamanda insanlar arasında təmasların genişlənməsinə mühüm töhfə verən viza liberallaşdırılması istiqamətində əldə olunan irəliləyişi xüsusi vurğulayıb.

Ararat Mirzoyan görüşdə regional son proseslər, o cümlədən Ermənistanın qonşu ölkələrlə münasibətlərin normallaşdırılması istiqamətində atdığı addımlar barədə də məlumat verib.

Görüşün sonunda Ermənistan xarici işlər naziri iştirakçıların maraq doğuran digər suallarını cavablandırıb.