BAKI, 11 dekabr. TELEQRAF

“Balanslaşdırılmış və balanslaşdırmaya əsaslanan xarici siyasət reallıqdır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

“Bu il regiondakı bütün qonşu ölkələrin liderləri ilə görüşlər keçirmişəm, təmaslar qurmuşam. Həm işgüzar, həm də rəsmi səfərlər olub. Ayaqüstü söhbətlər də olub, amma həmçinin işgüzar və rəsmi səfərlərin çərçivəsində keçirilən görüşlər də var.

Bu il bizim artıq iki rəsmi nümayəndə heyətimiz Azərbaycana səfər edib. Əminəm ki, yaxın vaxtlarda Azərbaycan nümayəndə heyətləri də gələcək. Bu il Azərbaycan vasitəsilə qatar Ermənistan Respublikasına daxil olub.

İndi də mətbuatda oxuyuram ki, (Azərbaycandan) neft məhsullarının idxalı məsələsi də müzakirə olunur. Yəni bu, balansın və balanslaşdırılmış xarici siyasətin göstəricisidir ki, burada biz, nəhayət, uğur əldə etmişik. Bu uğurdan niyə imtina etməliyik? Əksinə, bu uğuru inkişaf etdirmək lazımdır”, - Paşinyan vurğulayıb.