BAKI, 1 dekabr. TELEQRAF
Ölkənin Avropa İttifaqı (Aİ) və NATO-ya üzvlüyünə qarşı çıxan “Birləşmiş Neytral Gürcüstan” Partiyası təsis qurultayı keçirib.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.
Partiyanın lideri və icra katibi seçilmiş Vato Şakarşvili qurultayda bildirib:
“Başa düşməliyik ki, Avropa illüziyalarında yaşamaqda davam etsək, gec-tez Vaşinqton və Brüssel yenidən öz agenturasını hakimiyyətə gətirə biləcək. “Neytral Gürcüstan” Partiyası bu Avropa illüziyasına son qoymaq, ölkənin xilası və inkişafı üçün nəyin lazım və faydalı olduğunu real şəkildə dərk etmək üçün əlindən gələni edəcək”.
Onun iddiasına görə, neytrallıq ölkənin ərazi bütövlüyünün bərpası, eləcə də tranzit rolunun güclənməsinə kömək edəcək. Şakarşvilinin fikrincə, Gürcüstanın neytral statusu ölkənin suveren iqtisadi siyasət aparmasına şərait yaradacaq, əks halda ABŞ və Aİ yenə də Tbilisiyə diktə etməyə davam edəcək.
2024-cü ildə “Neytral Gürcüstan” adlı ictimai hərəkat yaradılmışdı, təşkilat o zaman ölkənin Aİ və NATO-ya üzvlük planlarından imtina etməli olduğunu bildirmişdi.