BAKI, 27 noyabr. TELEQRAF

“Qadınların Silahlı Qüvvələrə cəlb edilməsi Ermənistan üçün strateji zərurətdir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

Onun sözlərinə görə, qadınların hərbi xidmətə cəlb edilməsi məsələsi milli təhlükəsizliklə bağlıdır.

Qriqoryanın fikrincə, qadınların Silahlı Qüvvələrdə xidmətə cəlb olunması sırf simvolik addım sayılmır.

Təhlükəsizlik Şurasının katibi qadın batalyonunun yaradıldığını, bunun üçün xüsusi şərait və inkişaf etmiş infrastrukturun yaradıldığını bildirib.

“Qadınlar Ermənistan xaricində sülhməramlı missiyalarında da iştirak edirlər”, - o əlavə edib.

Qriqoryan vurğulayıb ki, bir sıra ixtisaslaşmış sahələrdə qadınların sayında artım müşahidə olunub. Bu xüsusilə rabitə, logistika, hərbi təhsil və kəşfiyyat sektorlarına aiddir.

Xatırladaq ki, Ermənistanda qadınlar üçün könüllü olaraq məcburi hərbi xidmət sistemi tətbiq edilib. Qadınlar üçün xidmət müddəti altı aydır. Bunu etmək istəyənlərin çağırış gününə qədər xidmətdən imtina etmək hüququ var. Xidmət hərbi xidmətə çağırılana qədər könüllüdür, sonra isə altı ay məcburidir. Həmçinin, qadın hərbçilər altı ay sonra tərxis olunmaq əvəzinə, “Vətənin Müdafiəçisi” proqramı üzrə beş il müqavilə əsasında hərbi xidmət keçə biləcəklər.