BAKI, 12 noyabr. TELEQRAF
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Silahlı Qüvvələrə aid C-130 tipli hərbi yük təyyarəsinin qəzaya uğraması ilə bağlı açıqlama verib.
Teleqraf xəbər verir ki, bu, MHP liderinin məsələ ilə əlaqədar ilk açıqlamasıdır.
“Türkiyə Silahlı Qüvvələrinin C-130 tipli hərbi yük təyyarəsi Türkiyəyə gəlmək məqsədilə Azərbaycanın Gəncə şəhərindən qalxdıqdan bir müddət sonra Gürcüstan hava məkanında faciəli şəkildə qəzaya uğrayaraq düşməsi və nəticədə təyyarədə olan 20 qəhrəman hərbçimizin şəhid olması xalqımıza böyük bir kədər yaşadıb. Bu faciəli və dəhşətli hadisə bütün aspektləri ilə araşdırılacaq, hər ehtimal diqqətlə və dəqiqliklə öyrəniləcək. Bu, bizim də gözləntimiz və arzumuzdur.
İctimaiyyətə rəsmi açıqlama verilmədən və təyyarənin düşməsinə səbəb olan əsas amillər gün üzünə çıxarılmadan irəli sürülən hər bir iddia spekulyasiya, etibarsız və əsassız sayılacaq. Xalqımızı çaşdırmağa, məqsədli və zərərli şəkildə şayiə yaymağa, vəziyyəti gərginləşdirməyə çalışanların hərəkətləri izahı olmayan bir səhv və absurddur”, - Dövlət Baxçalı bildirib.
Xatırladaq ki, noyabrın 11-də Türkiyəyə məxsus hərbi təyyarə Gürcüstanın Azərbaycanla dövlət sərhədindən təxminən 5 kilometr aralıda qəzaya uğrayıb. Təyyarə Azərbaycandan Türkiyəyə uçurdu.
Türkiyə Müdafiə Nazirliyi qəzaya uğrayan təyyarənin göyərtəsində 20 hərbçinin olduğunu açıqlayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.