BAKI, 17 oktyabr. TELEQRAF
“Avropa İttifaqı-Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə keçir”.
Teleqraf xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert bildirib ki, Azərbaycan xarici siyasətdə son illərdə mühüm uğurlar əldə edib:
“Xüsusilə, İkinci Qarabağ müharibəsindən sonra Avropa İttifaqı və onun təsisatları ilə münasibətlərdə yaranmış gərginlik mərhələsi tədricən aradan qalxmaqdadır. Avropa Şurası və Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi birtərəfli qətnamələr, eləcə də Azərbaycan nümayəndə heyətinin mandatının təsdiqlənməməsi ikitərəfli münasibətlərdə böhran vəziyyətinə gətirmişdi. Amma son aylarda baş verən diplomatik fəallıq, xüsusən Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin Kopenhagen sammitində iştirakı və Avropa liderləri ilə keçirdiyi görüşlər nəticəsində bu böhran tədricən arxada qalır.
Fransa-Azərbaycan münasibətlərindəki uzunmüddətli gərginlik də, Kopenhagendə iki ölkənin prezidentləri arasında keçirilən görüşlə yumşalma istiqamətinə yönəlib. Zənnimcə, İtaliyanın Azərbaycanla bağlı məsələlərdə Bakıya dəstəyi də bu yaxınlaşmanı sürətləndirir.

Avropa İttifaqı Cənubi Qafqazda Azərbaycanın formalaşdırdığı yeni geosiyasi nizamdan iqtisadi və nəqliyyat maraqları üçün faydalanmaq niyyətindədir. Xüsusilə, Çinlə quru nəqliyyat əlaqələrinin, eləcə də Mərkəzi Asiyanın enerji resurslarının Avropaya daşınmasında əsas tranzit xətti kimi Azərbaycan ön plana çıxır”.
M.Əsədullazadə ABŞ-nin də Cənubi Qafqaza artan marağına diqqət çəkib:
“ABŞ Prezidenti Donald Trampın Cənubi Qafqaza artan diqqəti də maraqlıdır. ABŞ-nin əsas marağı Orta dəhlizin əsas hissəsi olan Zəngəzur dəhlizi və ya TRIPP-ə yönəlib, bu məsələ ABŞ ilə yanaşı, Avropanı da regionda daha fəal olmağa vadar edir. Bu proses fonunda Avropa İttifaqı-Azərbaycan münasibətləri yeni mərhələyə keçir. Gələn ilin yanvar ayında Azərbaycanın AŞPA-da səsvermə hüququnun bərpası mümkündür.
Artıq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi paraflanıb. Avropa İttifaqı üçün bu, regional sabitlik və enerji təhlükəsizliyi baxımından önəmlidir, Azərbaycan üçün isə Avropa ilə siyasi-iqtisadi əlaqələrin dərinləşməsi baxımından əhəmiyyətlidir.
Beləliklə, Azərbaycan–Avropa münasibətləri qarşılıqlı maraqlar üzərində formalaşan və keyfiyyətcə yeni mərhələyə qədəm qoyan strateji əməkdaşlıq xəttinə çevrilir. Bu vəziyyət Azərbaycanın çoxvektorlu xarici siyasətinin effektivliyini nümayiş etdirir. Avropa üçün Azərbaycan yalnız enerji tədarükçüsü deyil, həm də Cənubi Qafqazda sabitlik yaradan güc mərkəzidir”.