BAKI, 9 oktyabr. TELEQRAF

“Oktyabrın 4-də hakimiyyəti zorakı yolla devirmək cəhdi uğursuz olub, zorakılığa cəlb edilmiş bəzi şəxslər saxlanılıb və ölkə ağır sarsıntılardan xilas edilib”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin komitə sədri David Matikaşvili deyib.

Onun sözlərinə görə, sağlam düşüncəyə malik hər bir insan bir həqiqəti anlayır: “Hakimiyyətin zorakı yolla devrilməsi və konstitusiya çərçivəsindən çıxmaq ölkəni elə bir prosesə sala bilər ki, Gürcüstan dövlət kimi oradan bəlkə də heç salamat çıxa bilməz”.

Matikaşvili qeyd edib ki, zorakı yolla hakimiyyətə gələcək “agent şəbəkələrinin hökuməti” Qərbdən maliyyələşən planların icrasına başlayacaqdı:

“Buna yol vermədik, bu, hökumətin və hüquq-mühafizə orqanlarının incə və peşəkar işinin nəticəsidir. Ən vacibi isə cəmiyyətin böyük etimadıdır: 1 milyon 100 mindən çox insan ölkənin demokratik inkişafını seçdi. Bu insanlara demokratiya xoş deyil — onlar vətənsiz, xaricdən idarə olunan agentlərdir. Heç kim məni inandıra bilməz ki, hakimiyyətin devrilməsi məqsədilə keçirilən mitinqə gedən şəxs zorakı çevriliş istəmir”.

Saxlanılan şəxslərlə bağlı isə Matikaşvili bildirib:

“Onların timsah göz yaşlarına heç kim inanmır. Heç kim qurban deyil. Qurban bizim ölkəmiz idi. Bu vətənsiz xainlərin Gürcüstana vəd etdiyi fəlakət fonunda ölkə həqiqi mənada qurban ola bilərdi. Ölkəyə kənardan partlayıcı maddələr gətirilmişdi və onların istifadə məqsədi çox güman ki, 4 oktyabr idi. Qurban o polislərdir ki, xəstəxanaya yerləşdirilməli oldular. Qurban onlar sayılırlar. Amma zorakılıq planlaşdıran insanlar nə qurban, nə də konstitusiyanın müdafiəçiləri adlandırıla bilər”.