BAKI, 30 sentyabr. TELEQRAF
“Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması kontekstində ölkəmizdə Konstitusiya dəyişikliyinə ehtiyac yoxdur”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan AŞPA-da çıxışı zamanı deyib.
Baş nazir iddia edib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası yoxdur:
“2024-cü ilin sentyabrında Ermənistan Konstitusiya Məhkəməsi Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası komissiyalarının birgə fəaliyyəti haqqında əsasnaməni araşdırarkən qeyd edib ki, Ermənistan Konstitusiyasında heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur. Ermənistan sülh sazişini imzalayanda onun Ermənistan Konstitusiyasına uyğunluğunu yoxlamaq üçün onu Konstitusiya Məhkəməsinə göndərməlidir”.
Bununla belə, Nikol Paşinyan vurğulayıb ki, Ermənistan Konstitusiyasına gələcək dəyişikliklər Azərbaycanla münasibətlərin normallaşması prosesi ilə bağlı deyil, İrəvan əsas qanununu sırf daxili səbəblərə görə dəyişir:
“Biz Konstitusiyanı daxili gündəliyimiz çərçivəsində müzakirə edirik, sülh sazişi kontekstində düzəlişlər məsələsini müzakirə etmirik, bu kontekstində buna ehtiyac yoxdur”.
Baş nazirin sözlərinə görə, onlar yeni Konstitusiyanın qəbulu zərurətini 2020-ci ilin fevralından və ondan əvvəl də qəbul ediblər:
“AŞPA Ermənistandakı seçki saxtakarlığı hekayələrinə yaxşı bələddir. İndiki Konstitusiya o dövrdə qəbul olunub, konstitusiya referendumları keçirilib və Ermənistanda ictimai rəy belədir ki, xalq heç vaxt faktiki Konstitusiyaya səs verməyib. Xalq hüquq sisteminin onların qərarı nəticəsində yarandığını hesab etmir. Mən bu allergik fenomeni aradan qaldırmaq variantını yeni Konstitusiyanın qəbulu kimi görürəm, burada xalq öz iradəsini azad şəkildə ifadə edərək yeni Konstitusiyanın lehinə səs verəcək”.
Xatırladaq ki, Ermənistan Konstitusiyasında istinad olunan Müstəqillik Bəyannaməsində Azərbaycanla yanaşı, Türkiyəyə qarşı da ərazi iddiası yer alıb. Ermənistan Konstitusiyasına müvafiq dəyişiklik yekun sülh sazişinin imzalanması üçün Azərbaycanın tələbidir.