BAKI, 1 sentyabr. TELEQRAF
“Ermənistan ABŞ-də Azərbaycanla əldə olunan razılaşmalara sadiqdir və onları tezliklə həyata keçirmək əzmindədir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının Çinin Tiancin şəhərində keçirilən sammitində deyib.
“Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub. Bu, daha geniş regional təsirə malik olacaq tarixi dönüş nöqtəsidir.
Hazırda biz ölkələrimiz arasında ərazi bütövlüyü, suverenlik və yurisdiksiya prinsipləri əsasında nəqliyyat kommunikasiyalarının (nəqliyyat dəhlizləri - red.) açılması məsələsini müzakirə edirik. Bu səylərə Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan Respublikasının ərazisindən keçməklə maneəsiz rabitənin təmin edilməsi daxildir”, - baş nazir qeyd edib.
Paşinyan əlavə edib ki, beynəlxalq və daxili kommunikasiya baxımından Ermənistan da bundan faydalanacaq:
“Ermənistan Respublikası əldə edilmiş razılaşmalara sadiqdir və bu razılaşmaları ən qısa zamanda həyata keçirmək əzmindəyik. Bütün bunların nəticəsində Ermənistanla Azərbaycan arasında nəinki daxili, ikitərəfli və beynəlxalq əlaqələr üçün kommunikasiya açılacaq, həm də Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan bütün dövlətlər, o cümlədən bizim və Azərbaycanın yaxın qonşuları üçün yeni logistik imkanlar yaranacaq”.