BAKI, 11 avqust. TELEQRAF
Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Ağ Evdə keçirilən üçtərəfli sammitin yekunlarını şərh edərkən, bunu Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesində tarixi və dönüş nöqtəsi kimi qiymətləndirib.
Teleqraf xəbər verir ki, o, bu görüşün həm də Ermənistan və Türkiyə arasında mümkün irəliləyiş üçün də vacib mərhələ olduğunu bildirib.
Kostanyanın sözlərinə görə, ABŞ-də keçirilən ikitərəfli və üçtərəfli müzakirələr çox mühüm və tarixi idi, bu mühüm nailiyyət təkcə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında deyil, həm də Ermənistan-ABŞ strateji tərəfdaşlığının möhkəmləndirilməsində qeydə alınıb.
Rəsmi qeyd edib ki, martda razılaşdırılmış sülh sazişi indi paraflanıb. Tərəflər həmçinin ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı məktub və ABŞ Prezidenti Donald Trampın da şahidi olduğu birgə bəyannamə imzalayıblar.
Nazir müavini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistan-Azərbaycan sülh prosesinə müsbət təsir göstərən bəyanatlarını alqışlayıb.
“Bu hadisə ilə biz Türkiyə ilə də əldə edə biləcəyimiz mühüm mərhələ və fürsət görürük. Ermənistan və Türkiyə arasında əlaqəni bərpa etsək, bu, daha böyük regional və qlobal əhəmiyyət kəsb edə bilər”.
Biz regionumuzun sabitliyi və iqtisadi rifahı üçün daha bir çox mühüm mərhələyə çata bilərik, bu da o deməkdir ki, biz Ermənistanla Türkiyə arasında sərhədi aça və diplomatik əlaqələr qura biləcəyik”.